Miyom Haqqında Ümumi Məlumat
Miyomlar uşaqlığın ən çox rast gəlinən şişləridir. Reproduktiv yaşda olan qadınların demək olar ki, yarısına bir şəkildə miyom diaqnozu qoyulur. Miyomların doxsan doqquz faizindən çoxunda hər hansı bədxassəli, yəni xərçəng hüceyrəsi olmur. Çox nadir hallarda ultrasəs müayinəsi və ya digər görüntüləmə üsulları ilə miyom olduğu düşünülən kütlələrin içində bədxassəli hüceyrələr ola bilər.
Miyomlar hansı simptomlara (şikayətlərə) səbəb olur?
Miyomlar uşaqlıqda yerləşdikləri yerə və ölçülərinə görə şikayətlərə səbəb olurlar. Çox kiçik, uşaqlıq divarının içində və ya xaricinə doğru yerləşən miyomlar heç bir şikayət yaratmaya bilər. Ancaq uşaqlığın daxilinə doğru böyüyən miyomlar nizamsız qanamaya, hamilə qalmağa və ya hamiləliyin davamına dair problemlərə səbəb ola bilər; boruların uşaqlığa açıldığı nahiyədə yerləşib anatomiyanı pozan miyomlar sonsuzluğa səbəb ola bilər. Daha böyük, ümumilikdə uşaqlığı böyüdən miyomlar isə qasıq ağrısı, cinsi fəaliyyət zamanı ağrı, tez-tez sidiyə çıxma, qəbizlik və çətin defekasiya, hətta irəli ölçülərə çatanda fiziki iş qabiliyyətinin azalması, tez yorulma və halsızlıq yarada bilər.
Miyomların müalicəsində nələrə diqqət etmək lazımdır?
Diaqnoz qoyulmuş bütün miyomlar müalicə tələb etmir. Kiçik və heç bir simptoma səbəb olmayan miyomlar üçün yalnız müşahidə kifayət edə bilər. Ancaq böyük və yuxarıda qeyd edilən problemlərə səbəb olan miyomlar müalicə tələb edir.
Miyom müalicəsində ilk mərhələ miyom üçün müalicənin lazım olub-olmadığına qərar verməkdir. Heç bir tibbi və ya dərman müalicəsi miyomları tam aradan qaldıra bilmədiyi üçün burada müalicə əslində əməliyyat deməkdir.
Yalnız miyomların çıxarılması və ya uşaqlığın tam çıxarılması seçimləri mövcuddur. Uşaq sayını hələ tamamlamamış gənc xəstələrdə yalnız miyomların çıxarılması münasib olduğu halda, uşaq sayını tamamlamış və menopauza dövründə olan xəstələrdə uşaqlığın çıxarılması da məqbul yanaşma ola bilər. Miyomlar və ya uşaqlıq çıxarılsa da, müalicə xəstənin psixoloji vəziyyəti də daxil olmaqla xüsusi şərtləri nəzərə alınaraq aparılmalıdır.
Uşaqlıq və fertillik qorunacaqsa və gələcəkdə hamiləlik planlanırsa diqqət ediləcək əsas məqamlar
- Kiçik-böyük demədən, millimetrik olanlar da daxil bütün miyomlar və hər biri tam çıxarılmalıdır; bu yolla sonradan miyomun təkrarlanma ehtimalı minimuma endirilə bilər.
- Miyomlar çıxarılarkən uşaqlığın daxili qatına zərər verilməməlidir. Miyom daxili qata yaxınsa, endometrium zədələnə bilər. Endometriuma yaxın işləyərkən qan təchizatına ən az mənfi təsir edəcək şəkildə davranmaq, qat zədələnib boşluğa girilərsə onu qaydasına uyğun və ən az travmatik formada bərpa etmək gələcək hamiləlik şansına müsbət töhfə verər. Əks halda uşaqlıqdaxili yapışıqlıqlar və hamilə qalmaqda çətinlik daha çox görülə bilər.
- Boruların uşaqlığa birləşdiyi künc nahiyələrində əməliyyat lazım olarsa, boruların keçidinə diqqət etməli, kəsik və tikişləri boruların açıqlığını qoruyacaq şəkildə diqqətlə aparmaq lazımdır.
Miyomlar açıq, yoxsa qapalı əməliyyatla çıxarılmalıdır?
Miyomlar həm açıq, həm də qapalı (laparoskopik) üsulla çıxarıla bilər. Qapalı əməliyyatda miyomların bədəndən çıxarılması üçün parçalama (morcellasiya) tələb olunarsa, miyomun içində bədxassəli hüceyrə olduğu halda bu hüceyrələrin qadının qarnına (periton boşluğuna) yayılma ehtimalı dünyada olğu təqdimatları şəklində bildirilmişdir və bu mühüm məsələ əməliyyatdan əvvəl xəstə ilə mütləq ətraflı danışılmalıdır. Miyomda xərçəng hüceyrəsi olmasa belə, morcellasiya zamanı miyom hüceyrələrinin qarın içinə səpilib orada yerləşərək yayğın miyomlara səbəb olduğuna dair olğu bildirişləri də var. Buna görə bu məsələ də əməliyyatdan əvvəl ətraflı müzakirə edilməlidir.
Yuxarıda izah edilən yayılma riskləri açıq miyom əməliyyatlarında bildirilməmişdir. Buna görə yalnız miyomlar çıxarılacaq və uşaqlıq qorunacaqsa, açıq əməliyyat bu baxımdan üstünlük kimi düşünülə bilər.
Miyomlar deyil, uşaqlığın çıxarılmasına qərar verilərsə, xəstənin vəziyyəti, uşaqlığın böyüklüyü və digər amillərə baxaraq əməliyyat növü seçilə bilər. Açıq əməliyyatlarda gündəlik həyata qayıdış qapalı əməliyyata nisbətən bir qədər uzundur. Qapalı əməliyyatdan sonra xəstələr demək olar ki, birinci və ikinci gündə gündəlik həyata dönür, açıq əməliyyatda isə bu müddət bir neçə gün daha uzun olur.
Nəticə
Bir şəxsdə miyom varsa, ən kritik mərhələ onun müalicə ediləcəyi, yoxsa izlənəcəyi barədə qərardır. Müalicə qərarı verilərsə, qəti müalicə miyomların əməliyyatla çıxarılması (miyomektomiya) və ya uşaqlığın çıxarılmasıdır (histerektomiya). Hansı əməliyyatın seçiləcəyi də ən vacib mərhələlərdəndir. Miyoma xas açıq və qapalı əməliyyatların fayda və riskləri yetərincə müzakirə edildikdən sonra əməliyyat növünə qərar verilməlidir. Miyomların çıxarılması və uşaqlığın qorunması qərara alınarsa, əməliyyat zamanı yuxarıda qeyd olunan məqamlara diqqətlə riayət edilməlidir.
İstər miyomların, istərsə də uşaqlığın çıxarılması əməliyyatları müasir tibbin imkanları ilə olduqca aşağı ağırlaşma riski ilə aparıla bilir. Anesteziyaya bağlı mümkün ağırlaşmalara əlavə olaraq qanama, infeksiya, ətraf orqanların zədələnməsi və tromb atması kimi minimal risklər mövcuddur. Xəstəyə uyğun tədbirlər görülər və əməliyyatlar uyğun şəraitli xəstəxanalarda aparılarsa, bu risklər baş versə belə öhdəsindən gəlmək mümkün olar.
Aşağıda uşaqlığını qoruduğumuz və bütün miyomlarını, millimetrik olanlar da daxil, çıxardığımız xəstəyə aid miyom düyünləri görünür.


